Azərbaycan Rusiya platformasında Ermənistanla sülh sazişi imzalamağa hazırdır və bu, faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil.
Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.
Lavrov bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyişin olmaması Qərbdən məsləhət alan İrəvanın mövqeyindən qaynaqlanır. O əlavə edib ki, Qərb Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmir.
Rusiya xarici işlər naziri qeyd edib ki, Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib. Qərb yalnız öz maraqlarından çıxış edir. Lavrovun sözlərinə görə, Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirməsini istəmir.
Lavrov vurğulayıb ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin bərpasına alternativlər yoxdur. Nazir xatırladıb ki, üçtərəfli bəyanatın müddəalarından biri ölkələr arasında nəqliyyat əlaqələrinin açılmasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: