“Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır. Bu səbəbdən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılıb.
Belə ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannanmənin rahat şəkildə təqdim olunmasına imkan verir.
Bu bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Yeni formaya aid proqram təminatı 2023-cü ilin IV rübündən etibarən istifadəyə verilib və sadələşdirilmiş interfeys formasında sistemə keçid təmin edilib.