Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.
DTX-dən Xezerxeber.az-a verilən xəbərə görə, son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycan Respublikasının və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunmuşdur.
Aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilmişdir.
DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycan Respublikasında istintaqa cəlb edilmələri təmin olunmuş, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilmişdir.
Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilmişdir.
Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.