Xəzər Xəbər

Qar Bakıda sürücülərə çətin anlar yaşadıb VİDEO

Qarlı hava şəraiti yol qəzalarına səbəb olub
Veb TV | 20:54 • 14 Yanvar 2024
Qar Bakıda sürücülərə çətin anlar yaşadıb

Qarlı hava şəraiti bəzi ərazilərdə yol qəzalarına səbəb olub.

Binəqdi rayonu, Biləcəri qəsəbəsində, dəmiryolu keçidində avtomobillər sürüşərək qəza törədib.

Bakının Yasamal rayonunda isə yoxuşu çətinliklə qalxan avtobusun köməyinə sərnişinlər çatıb.

Avtomagistralda isə sürüşən polis maşını qəzadan son anda yayına bilib.

Xezerxeber.az-ın məlumatına görə, gecə saatlarından başlayaraq paytaxta yağan qar yollarda bu mənzərəni yaradıb. Bu dəfə də qışın ilk qarı qəzalarsız ötüşməyib.

Xüsusilə səhərə yaxın əsas küçə və prospektlər, o cümlədən digər riskli nöqtələr qardan təmizlənib, duzlanma işləri həyata keçirilsə də, bəzi ara küçələrdə hərəkət etmək sürücülər üçün çətin olub.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev bildirib ki, hava şəraiti ilə əlaqədər olaraq texnikalar saz vəziyyətə gətirilib. Gecə saatlarında qar yağdıqca yollarda təmizlik işləri görülüb, duzlanma prosesi aparılıb.

Səhər saatlarında magistral yolların da buz bağlaması hərəkəti çətinləşdirib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti olacaq.Royanlarda da bənzər hava şəraitinin olacağı ehtimal edilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar