Xəzər Xəbər

Qarlı hava şəraiti rayonlarda bir sıra fəsadlara səbəb olub VİDEO

Veb TV | 20:39 • 14 Yanvar 2024
Qarlı hava şəraiti rayonlarda bir sıra fəsadlara səbəb olub

Dünən günorta saatlarından Lənkərana yağan qar bir sıra problemlər yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, qarlı hava şəraiti Lənkəranda elektrik təsərrüfatına ciddi ziyan vurub.

Rayon ərazisindəki qarın qalınlığı 40 sm- ə yaxınlaşıb. Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.  

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. 

Lerikdə dağlarda qarın hündürlüyü 60 sm-ə çatıb. Qar səbəbindən  40-a yaxın kənddə elektrik enerjisi dayandırılıb.  Lerik rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, Lənkəran - Lerik magistralı qardan təmizlənib. Ucqar dağ kəndləri ilə əlaqə yaradılıb. Rayonda 40 - a yaxın kənddə elektrik enerjisinin verilişi dayanıb və bərpası istiqamətində işlər davam etdirilir.

Gecə  saatlarından qarın yağması Muğanlı-İsmayıllı və  Ağsu dolayılarında da bir sıra çətinliklərə yol açıb. Avtomobillər  Muğanlı-İsmayıllı yolunun dağlıq ərazilərindən keçən hissəsində  qalıb.  "İsmayıllı Yol İstismar" MMC-nin canlı qüvvəsi və ağır texnikaları Şamaxı -İsmayıllı yolu da daxil olmaqla əraziyə cəlb olunub, yollar  qardan təmizlənib nəqliyyatın hərəkəti bərpa olunub.

Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsi də  buz bağlayıb. Yolda qalan avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb. Əraziyə yol istismarı işçiləri və Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Şimal bölgəsindəki yollar da qardan təsirlənib. Quba -Xınalıq, Quba -Qonaqkənd  və Quba - Qusar yolunda hərəkət qara görə məhdudlaşıb.

Aidiyyəti qurumun texnikası və canlı qüvvəsi işlərə cəlb edilib.

Qeyd edək ki, gecə saatlarında yenidən yollar buz bağlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti