Xəzər Xəbər

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib VİDEO

Hikmət Mirzəyev isə müdafiə nazirinin müavini təyin edilib
Veb TV | 20:06 • 12 Yanvar 2024
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış bir neçə vəzifəli şəxs ehtiyata və istefaya göndərilib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev isə müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

General-leytenant Hikmət Mirzəyev ölkədə uşaqdan böyüyə hər kəsin tanıdığı və hörmət etdiyi hərbçilərdəndir. O, 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb. Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə "polkovnik-leytenant" rütbəsini daşıyıb. Ona "polkovnik" rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla "general-mayor" hərbi rütbəsini alıb. 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib. Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə "general-leytenant" hərbi rütbəsi verilib.

2016-cı ilin aprel döyüşlərində torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda adını tarixə Şuşa fatehi kimi yazdıran general Hikmət Mirzəyevin başçılığı altında iştirak ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar