Xəzər Xəbər

Gecikmiş reportaj və ya BBC Ruben Vardanyanı belə ifşa etdi VİDEO

Veb TV | 21:32 • 12 Yanvar 2024
Gecikmiş reportaj və ya BBC Ruben Vardanyanı belə ifşa etdi

BBC ötən ilin bu vaxtları Qarabağdakı separatçı rejimin dövlət naziri  kimi  müsahibə  aldığı Ruben Vardanyanı indi ifşa edib. 

Buna   bizdə  "toydan  sonra  nağara"  deyirlər. Vardanyan  haqqında yayımlanan geniş  araşdırmada onun həyatı, fəaliyyəti, siyasətə gəlişi haqqında məlumatlar dərc olunub. 

BBC qeyd edib ki, Vardanyanın xeyriyyəçi  və  uzaqgörən obrazının arxasında  90-cı illərdən qara  pullarla varlanan, özü üçün nəcib imici yaratmağa cəhd edən, fəaliyyəti isə çirkli pulların yuyulmasına yönəlmiş hiyləgər bir adam gizlənib. Əslində, BBC bu  xəbəri  2  il  öncə  verməli  idi.

Xezerxeber.az-ın məlumatına görə, aparıcı media qurumu olan BBC Vardanyanı ifşa edən bir məqalə paylaşıb. Məqalədə separatçı milyarderin yaratdığı ofşor şirkətlər sisteminin çirkli maxinasiyaları təqdim edilir, onların vasitəsilə nüfuzlu adların pullarının gizli şəkildə xaricə ötürüldüyünə eyham vurulur. Məqalədə Vardanyanın Rusiya vətəndaşlığından dərhal və müəmmalı şəkildə rahatlıqla çıxa bilib Qarabağa keçərək separatçı rejimdə "vəzifə"yə yiyələnməsində "Moskvanın əli" olduğu bildirilir.

BBC qeyd edir ki, Vardanyan oyun oynayırdı. Azərbaycan isə bunu pozdu və onun "vəzifə"sini itirdikdən sonra aradan çıxmasına imkan vermədi.

Məqalədə qeyd edilir ki, "Azərbaycanın tam qələbəsindən sonra Xankəndinin erməni əhalisi Azərbaycanı rahat tərk edə bildi, Azərbaycan sərhədçiləri sakinləri problemsiz buraxdılar, lakin qondarma rejimin bəzi "rəhbərləri" saxlanıldı. Onların arasında Vardanyan da var idi". Hər şeydən əvvəl, BBC-nin, nəhayət, Azərbaycanın Qarabağdakı erməni əhaliyə heç bir təzyiq və problem yaratmadığını etiraf etməsi böyük hadisədir. Hətta yazıda sual edilir ki, "necə olur ki, biznesmen bir anda Moskvadakı sakit həyatından ayrılıb, Rusiya pasportunu təhvil verib Qarabağa getdi və orada "dövlət naziri" postunu tutdu?" Maraqlı sualdır. Azərbaycan bu sualı 2022-ci ildə bütün dünyaya verirdi. Və qətiyyətlə qeyd edirdi ki, bu oyuna gəlməyəcək, Vardanyan kimi kukla, rus xalqının ciblərindən milyardlar oğurlanmış adamla heç bir danışıq aparmayacaq. Lakin BBC və digər qərb mediaları Xankəndini anklav adlandırır, Vardanyandan isə məsum, gühansız lider obrazı yaratmağa çalışırdı.

Əslində, BBC bu məqaləni dəqiq, qərəzsiz və obyektiv media qurumu olduğu üçün yazmayıb. Bu məqalə qərb və Rusiyanın soyuq münasibətlərinin meyvəsidir. Ortada yanan isə "xeyriyyəçi milyarder" Vardanyan oldu. Zaman göstər ki, yalan xəbər yazmaqla deyil, həqiqət həmişə zəfər çalır. Vardanyan əli qandallı, başı aşağı formada Azərbaycanın ədalət tərəzisinə çıxarıldı. Hazırda cinayətkar barədə istintaq aparılır. BBC və erməni dəyirmanına su tökən digər Qərb mediaları indi oturub onun haqqında növbəti xəbəri paylaşmaq üçün Azərbaycan mediasına istinad etməyi gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar