Araz çayının o tayından bu tayına yük daşıyan Azərbaycan vətəndaşı olan TIR sürücüləri artıq 75 gündür İran Astarasında saxlanılıblar. Onlar iddia edirlər ki, İran şirkətinin məhsullarını Azərbaycan üzərindən keçməklə Rusiyaya aparırlarmış. Bəs İran sərhədçiləri sürücülərimizi niyə buraxmırlar?
Xezerxeber.az-ın məlumatına görə, soydaşlarımız düz 75 gündür İran Astarasında sürdükləri yük avtomobilində gecələmək məcburiyyətində qalıblar.
Onlarla sürücü Azərbaycan üzərindən keçməklə Rusiyaya yuyucu toz aparmaq adı ilə yola çıxsalar da, sərhəddə saxlanılıblar.
“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sürücülər iddia edirlər ki, Rusiyaya daşınan yük İran şirkətinə məxsus olmasına baxmayaraq bu ölkənin sərhədçiləri iki aydan artıq müddətdə onları keçməyə qoymurlar.
Sürücülər iddia edir ki, onların avtomobilləri müsadirə olunaraq Rəşd şəhərinə aparılacaq. Bundan sonra məhkəmə prosesi keçiriləcək ki, bu da ən azı 2-3 il vaxt alacaq.
Onlar Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini də bildiriblər. İndi onların istəkləri bu məsələnin həll edilməsidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: