Son günlər Qırmızı dənizdə yaşanan gərgin vəziyyət davam edir. Bu dəfə isə Qırmızı dənizdə ABŞ hərbi gəmisi ilə Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatından olan husilər arasında döyüş başlayıb.
Bu barədə Yəməndəki mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.
Bəs bu hadisələrin dəniz ticarətinə təsiri ola bilərmi?
Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən iqtisadçı - ekspert Xalid Kərimli deyib ki, son bir neçə vaxtdır sözügedən dənizdə husilərin ticarət gəmilərinə hücumu intensiv hal alıb. Onun sözlərinə görə, bu hücumların dəniz ticarətinə təsiri qaçılmazdır. Çünkü Asiyadan Avropaya enerji nəqlinin bir hissəsi bu xətlə həyata keçirilir.
Bu hücumlar təkcə enerji qiymətlərinə deyil, həm də qeyri-enerji əmtəələrinin qiymətlərinin artmasına səbəb ola bilər. Çünkü neft və qazdan başqa dünya ticarətinin 12%-i bu yolla həyata keçirilir.
Baş verənlərin Azərbaycana da təsirləri gözləniləndir. Çünkü oradan keçən yüklər Bəndər Abbas və Poti limanından keçməklə ölkəyə gətirilir.
Bütün hallarda əgər husilər hücumları dayandırmasa gəmilər Qırmızı dənizlə deyil, Afrika sahillərindən keçməklə Avropaya və Qərb ölkələrinə, o cümlədən Gürcustana yükləri çatdıracaq. Bu isə ölkəyə gətirilən məhsulların daşıma xərclərini artıra bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: