Xəzər Xəbər

Lökbatan sakinləri yolsuzluqdan əziyyət çəkirlər VİDEO

Veb TV | 20:22 • 2 Yanvar 2024
Lökbatan sakinləri yolsuzluqdan əziyyət çəkirlər

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 8-ci massivdə yaşayan sakinlər illərdir ki, yol problemindən əziyyət çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, yol olmadığı üçün uşaqlar məktəbə palçıq içində getməli olurlar. Yaxınlıqdan asfalt yol keçir, amma orada da nə səki var, nə də dayanacaq.

Sakinlər deyirlər ki, dəfələrlə problemlə bağlı aiddiyyəti qurumlara müraciət etsələr də, məsələyə baxan olmayıb.

Yaşayış məhəlləsinin yaxınlığından Hökməli-Qobu yolu keçir, amma orada səki olmadığı üçün valideynlər uşaqlarını həmin yoldan məktəbə göndərə bilmirlər. Əlacsız qalan böyüklər avtomobil təkərlərindən özlərinə kəsə yol düzəldiblər. Məktəblilər hər gün bu yoldan istifadə edirlər.

Sakinlər  bildirir ki, yollar bərbad vəziyyətdə olduğundan əraziyə təcili tibbi yardım maşını və  taksi çağırmaqda çətinlik  çəkirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, Lökbatan qəsəbədaxili yolları Agentliyin yox, icra hakimiyyətinin balansındadır. Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar