Yanvar ayının 1-dən etibarən bir sıra qanunlar qüvvəyə minib.
Xezerxeber.az-ın məlumatına görə, sözügedən qanunların bəziləri 2024-cü ilin təsdiqlənən dövlət büdcəsi ilə əlaqədardır. 2024-cü ilin ilk günündən etibarən bir sıra sosial ödənişlərdə yeni artımlar hesablanacaq. Ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılıb. Əmək pensiyalarında isə təxminən 11% artım gözlənilir.
Bu ildən Azərbaycanda hərbçilərin pensiya yaşı da dəyişir. Pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə qaldırılır.
Bu gündən ölkəmizə gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Bu, dərman vasitələri haqqında qanunda öz əksini tapıb. Bundan başqa, reseptdə dərmanların tərkibi yazılacaq.
Reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı ingilis dilində, təsiredici maddənin dozası, dərman vasitəsinin farmasevtik forması və dərman vasitəsinin istifadə qaydaları isə Azərbaycan dilində yazılır.
Bu gündən etibarən "ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşdi və hüquqi bazası formalaşdırıldı. Bu da həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənsinə imkan verəcək. Heç bir halda bu gəlirlər artıq vergiyə cəlb edilməyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: