Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Çallı kəndində qeydə alınıb.
Yük maşını qarşıdan gələn minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü, Ucar rayonunun Xalac kənd sakini 28 yaşlı Həsən Cəfərov hadisə yerində ölüb. Yük maşınının sürücüsü, Zərdab rayonunun Çallı kənd sakini Sadiq Qiyas oğlu Qinyazlı isə xəsarət alıb.
Yevlaxda isə minik maşını kanala aşıb. Yol-nəqliyyat hadisəsi rayonun köhnə Ağcabədi yolu deyilən ərazisində qeydə alınıb. Qəza nəticəsində 48 yaşlı Rövşən Yusubov dünyasını dəyişib. Onun meyti müayinə olunmaq üçün “morq”a yerləşdirlib.
Cəlilabada da ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə yeni Ələt-Astara magistralının rayonun Cəlilabaddan keçən hissəsində, körpünün altında qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən Bakı şəhəri, Zirə kənd sakini 39 yaşlı Abbasəliyev Balala Məmmədağa oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ucar-Zərdab yolunun rayonun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb. Zərdab rayonunun Məlikmudlu kənd sakini Mədədxan Abdullayev idarə etdiyi minik maşını ilə yolu keçən piyada Cəbrayıl Mürsəlovu vurub. Ağır bədən xəsarətləri alan kişi hadisə yerində ölüb.
Goranboyda da ağır yol qəzası baş verib, nəticədə 4 nəfər xəsarət alıb. Hadisə Goranboy-Borsunlu yolunun rayonun Qazanbulaq qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb. Minik maşını maneəyə çırpılaraq yararsız vəziyyətə düşüb. Avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: