Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında olan razılaşmaya əsasən əsirlikdə saxlanılan hərbçilər qarşılıqlı surətdə azad edilib. Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində dekabrın 13-də hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
Xezerxeber.az xəbər verir ki, Ermənistanda əsir saxlanılan və saxta ittihamlarla həbs edilən hərbçi Hüseyn Axundov artıq ailəsinə təhvil verilib. Anası Şəlalə Axundova Hüseynin əsir götürüldüyü 8 ay ərzində oğlunun evə qayıdacağına inamını itirmədiyin deyib.
Oğlu ilə görüşün sevincini yaşayan Şəlalə Axundova Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, hər zaman dövlət başçısına arxalandıqlarını, övladının azad olunacağı günə inandıqlarını söyləyib. "Hər zaman Prezidentimizə inanmışam. O bizim dayağımızdır", - deyə Şəlalə Axundova vurğulayıb.
Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.