Bakının Binəqədi rayonu ərazisində intensiv yağışdan sonra yaranan vəziyyət bədbəxt hadisə ilə nəticələnib. Küçəni su basdığına görə əsəbiləşən yaşlı qadın suya yıxılıb. Müdaxilə edilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Əməkdaşlarımız sözügedən ərzidə çəkiliş aparıblar.
Xezerxeber.az-ın məlumatına görə, ötən gün yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb. Nəticədə küçədə böyük gölməçə yaranıb.
Vəziyyətdən narahatlıq keçirən 79 yaşlı qadının ürəyi dayanıb.
Qadının nəvəsi Səməd Əliyev deyib ki, müdaxilə etmələrinə baxmayaraq nənəsi Elmira Rüstəmovanın həyatını xilas etmək mümkün olmayıb.
Sakinlər deyiblər ki, yağış yağan kimi onların yaşadıqları küçədə vəziyyət dözülməz həddə çatır.
“Azərsu”dan “Xəzər Xəbər”ə verilən məlumata görə, ötən gün nasoslarda problem yarandığı üçün həmin ərazidən suyu kənarlaşdırmaq mümkün olmayıb.
"Qısa müddətdən sonra ərazi təmizlənib. Dünən günün ikinci yarısından sonra və həmçinin bu gün belə problem baş verməyib", - deyə qurumdan bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: