Xəzər Xəbər

"Trendyol" bəzi kampaniyalarını dayandırıb VİDEO

Veb TV | 19:34 • 12 Dekabr 2023
"Trendyol" bəzi kampaniyalarını dayandırıb

Azərbaycana birbaşa çatdırılma edən "Trendyol"da bəzi kampaniyalar artıq sona çatıb. Əvvəllər istifadəçilərin ilk alışında məhsul Türkiyədən tam ödənişsiz şəkildə Azərbaycana təhvil verilirdi. Üstəlik, ikinci və üçüncü alışlara da müəyyən endirimlər tətbiq edilirdi. İndi isə həmin kampaniyalar artıq yoxa çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyənin məşhur elektron ticarət platforması olan "Trendyol" Azərbaycan bazarına həm də müxtəlif endirim və digər cəlbedici kampnamiyalarla girdi. Ancaq nə oldusa, birdən-birə müştərilərin üzünü güldürən bu kampaniyalar yoxa çıxıb.

Marketoloq Sabit Məmmədov deyir ki, bu platforma Azərbaycana birbaşa çatdırılma etməmişdən əvvəl də ölkədə kifayət qədər populyar idi. Bazara girdikdən sonra ilk sifarişlərin pulsuz çatdırılması, ikinci və üçüncü sifarişlər üçün nəzərdə tutulan endirim kampaniyaları isə daha tətbiq edilmir.

Ekspert deyir ki, əslində, bu cür kampaniyaların davamlı olmayacağı gözlənilən idi. Şirkət belə endirimlərlə kifayət qədər alıcı kütləsi qazandı. Son açıqlanan rəqəmlərə görə, 1 milyondan artıq istifadəçi alış etmək üçün bu saytda hesab açıb.

Onun sözlərinə görə, onlayn alqı-satqı zamanı istehlakçılar əsasən qiymətlərə və kampaniyalara önəm verirlər. Ona görə konkret faiz və məbləğ endirimləri olmasa, “Trendyol" xeyli müştərisini itirə bilər.

Qeyd edək ki, "Trendyol"un bu kampaniyaları birdəfəlik, yoxsa müvəqqəti dayandırması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti