Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobilinin “Mercedes” markalı evakuatorla toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.