Xəzər Xəbər

Növbədənkənar Prezident seçkilərinin necə keçiriləcəyi ilə bağlı bəzi detallar məlum olub VİDEO

Veb TV | 19:34 • 7 Dekabr 2023
Növbədənkənar Prezident seçkilərinin necə keçiriləcəyi ilə bağlı bəzi detallar məlum olub

Növbədənkənar Prezident seçkiləri ilə bağlı Seçki Məcəlləsində xüsusi maddələr yer alıb.

Xezerxeber.az-ın məlumatına görə, Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilməli və 60 gün müddətində keçirilməlidir.

Prezident seçkilərinə qatılmaq istəyən şəxslər isə seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra öz nazimdəliyini irəli sürməlidirlər. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox olmamlıdır.

Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz. Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vuraraq nəticələrini təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Prezident seçilmiş sayılır. Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilməlidir. Prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içməlidir. Fəaliyyətdə olan Prezident öz vəzifələrini yeni seçilmiş Prezidentin vəzifəsinə başlamasına kimi həyata keçirir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar