Azərbaycan tərəfə keçərək terror-təxribat əməli törətmək istəyən erməni diversantın növbəti məhkəmə prosesi keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə proses Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Prokuror ittiham aktını elan edərək bildirib ki, Qaqik Voskanyanın da olduğu Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycanın dövlət sərhədini pozub və Kəlbəcər rayonu ərazisinə keçib.
Prosesdə zərərçəkmiş beş hərbçi dindirilib.
Dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edərək verilən ittihamların məhkəmə istintaqında öz təsdiqini tapdığını qeyd edib. Prokuror Qaqik Voskanyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
İş üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə ömürlük cəza tələb ediblər. Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxış edərək müvəkkili barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş edib. Qaqik Voskanyan məhkəmədə son sözlə çıxış edərək, özünü ittihamlar üzrə təqsirli bilməyib və məhkəmədən ədalətli qərar çıxarılmasını ilə bağlı xahiş edib.
Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.
Sonda hökm oxunub və Qaqik Voskanyan 18 il müddətinə azadlıqdan məhrum edilib.
O, təyin olunmuş cəzanın 5 ilini qapalı, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: