''Qara bazar”da dəyəri 4 milyon manat olan külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Xezerxeber.az-ın məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə Bakı və digər bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlanıb.
Mütəşəkkil dəstənin üzvləri - Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanıblar. Onlardan 48 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.
Masallı rayonunda baş tutan tədbirdə narkotik maddələrin ölkəyə gətirilməsini təşkil etməkdə şübhəli bilinən əsas şəxslərdən biri - Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanıb. Onun üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Əməliyyatlar zamanı qanunsuz dövriyyədən "qara bazar”da dəyəri 4 milyon manat olan 132 kiloqram müxtəlif növ narkotik vasitə, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: