Səhiyyə Nazirliyi qızılca ilə bağlı vətəndaşlara müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, 10 yaşadək uşaqlar tez bir zamanda peyvənd olunmalıdır.
Qeyd olunub ki, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur. Son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, peyvəndlənən uşaqlar qızılcadan tam qorunmuş olur.
Afaq Əliyeva böyüklər üçün də qızılca peyvəndinin yaxın vaxtlarda ölkəyə gətiriləcəyini bildirib. Bu peyvənd məcburi olmasa da, xəstəliyə yoluxmayan şəxslər üçün vacibdir.
Afaq Əliyeva qeyd edib ki, hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını vurdurmalıdırlar. Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaqlara ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: