Minik avtomobili məktəbli uşağı vuraraq öldürüb.
Xezerxeber.az xəbər verir ki, hadisə Zərdabın Əlvənd kəndində baş verib. Rayon sakini, 46 yaşlı Tapdıq Feyzullayev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən, yolun kənarı ilə gedən 7 yaşlı Nuray Zülfüqarlını vurub. Ağır bədən xəsarəti alan azyaşlı hadisəni törədən sürücünün köməyi ilə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Nuray Zülfüqarlı ikinci sinif şagirdidir və hadisə o, qardaşı ilə məktəbə gedərkən baş verib. Avtoqəza zamanı qardaşı kənara çəkilsə də, Nurayı avtomobil vurub.
Sumqayıtda baş verən qəzada da piyada ölüb. Hadisə şəhərin 10-cu məhəllə ərazisində baş verib.
Avtomobil 55 yaşlı Tükəzban Məmmədovanı vurub. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq orada dünyasını dəyişib.
Qubada isə minik avtomobili su kanalına aşıb. Hadisə rayonun Zərdabi qəsəbəsində baş verib. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü, rayonun Bağbanlı kənd sakini Ramin İsmixanov son anda nəqliyyat vasitəsini tərk edə bilib və xəsarət almayıb. Bütün faktlarla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: