"Azəristiliktəchizat" ASC-nin “Azəriqaz" İstehsalat Birliyinə 37,5 milyon manat borcu var.
Lakin "Azəriqaz" İstehslat Birliyi əvvəlki illərdən fərqli olaraq bu dəfə borca görə narahat deyil.
Birliyin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, uzun illər sonra 2 dövlət qurumu arasında münasibətlər nizamlanıb. Bu səbəbdən də qazanxanaların qazla təminatında problem olmayacaq.
Eldəniz Vəliyev deyir ki, hazırkı 37,5 mln. manat borc bir neçə ilin yığılmış qalığıdır. Bu məbləğin 22,9 mln. manatı artıq öz təsdiqini tapıb və razılaşdırılıb. Qalan məbləğ isə hələ ki, müzakirə mövzusudur.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı "Xəzər Xəbər"ə bildirdi ki, qurum bu il istifadə olunmuş qaza görə yaranmış borcun 97,8 faizini ödəyib. Ötən illərdə yaranmış borcun miqdarı isə təqribən 20 milyon manat civarındadır. Bu borcun da ödənilməsi üçün bütün zəruri tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: