Amerika Birləşmiş Ştatları hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metodlardan istifadə edir. Ən çox rast gəlinənlərdən biri də bu ölkələrdə müxalifət təşkilatlarının dəstəklənməsidir. Bir sıra yardım fondları adı altında yaradılan USAID və NED, eləcə də digər onlarla "beynəlxalq institut" adı altında fəaliyyət göstərən təşkilatlar buna misaldır. Amma təcrübə göstərir ki, USAİD, eləcə də digər təşkilatlar fəaliyyət göstərdiyi ölkələrdə humanitar kampaniyalarla, demokratik inkişafı ehtiva edən proqramlarla deyil, yaratdığı xaos və dağıntılarla yadda qalır.
ABŞ-nin öz çirkin kampaniyalarını aparmaq üçün ən çox istifadə etdiyi metod qrant adı altında maliyyə ayırmaq üsuludur.
Qrant demişkən, Report İnformasiya Agentliyi" "Abzas Media" rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ilə bağlı yazı hazırlayıb. Qeyd olunub ki, "Abzas Media" xəbər portalı Azərbaycana qarşı hər dönəmdə qərəzli olan, nifrət püskürən, dinc ölkələrdə çaxnaşmalar yaradaraq çirkin niyyətlərini gerçəkləşdirməyə çalışan, bəzən buna nail olan məşhur beynəlxalq təşkilatlardan qeyri-qanuni yolla külli miqdarda pul alıb. Burada da məqsəd həmin təşkilatların çirkin kampaniyalarını yerinə yetirmək olub. 113 min 910 avro və 210 min 794 dollar pul vəsaiti, bundan əlavə 210 min 468 dollar və 77 min 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib.
Pulları ödəyən qurumlar isə "Praqa Vətəndaş Cəmiyyəti", "İnternews", "German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz" təşkilatı, "Milli Demokratiya Fondu", "People in Need", "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti", "Amerika Beynəlxalq Təhsil Şurası" "Freedom House" təşkilatları, "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", ABŞ-nin, Almaniyanın və Fransanın Azərbaycandakı səfirlikləridir. Yazıda qeyd olunub ki, vəsaitlər Azərbaycanda heç bir məsul qurum tərəfindən qeydiyyata alınmayıb, qüvvədə olan qanunlarla tənzimlənməyib, prosedur tələblərə əməl olunmayıb. Pulların nağdlaşdırılması prosesini xüsusi şəbəkə həyata keçirib. Müxtəlif sosial platformalarda hesablar açılıb, qaçaqmalçılıq əməliyyatları hazırlanıb, tutulan şəxslərin özləri və qohumlarının adına xarici ölkə banklarında hesablar açılıb, ora qoyulan pullar bankomatlar vasitəsilə çıxarılaraq ölkəyə gətirilib.
Həmin pulların müqabilində hazırlanan layihələr isə "Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi", "Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması", "Araşdırılmamış 100 cinayət", "Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması", "Media haqqında qanunla bağlı vəkillik fəaliyyətinə dəstək", "Media portalının müasir texniki vasitələrlə təchiz edilməsi" və sair oxşar başlıqlı mövzulardır.
Bu arada ABŞ-nin Azərbaycandakı səfirliyi Amerikada təhsil alan, bu ölkənin agentura şəbəkəsinə cəlb edilmiş bir qrup azərbaycanlı tələbə ilə keçirəcəyi görüşü təxirə salıb. Bununla bağlı aidiyyəti şəxslərə bildiriş göndərilərək görüşün qeyri-müəyyən vaxta təxirə salındığı qeyd olunub. Bu zaman sual yaranır: Əgər doğrudan da bu "tədbir"in niyyəti saf idisə, son vaxtlar yaranan ABŞ - Azərbaycan münasibətlərindəki gərginliklə bağlı deyildisə, hər hansısa bir təlimat xarakteri daşımırdısa, nə üçün belə adi bir görüş təxirə salındı?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: