Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır.
Xocalı faciəsində təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında sıyqırımının törədilməsində iştirakçı olması barədə məlumat verib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilib.
Beqlaryan bildirib ki, 25 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib.
Fevralın 26-da özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetiriblər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: