Son zamanlar tez-tez müşahidə edilən qayda pozuntularından biri də sürücülük hüququ olmayan ustaların, avtoyuma məntəqələri əməkdaşlarının avtomobilləri icazəsiz sürmələridir. Hətta bu cür hallara yol verən şəxslərin bir neçəsi sükan arxasında yol-nəqliyyat hadisəsi də törədib. Belə olan halda isə avtomobil sahibləri problem yaşayırlar.
Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, ötən 9 ay ərzində Bakı şəhərində ölüm və xəsarətlə qeydə alınan qəzaların 7,8 faizi, yəni 25 fakt sürücülük və idarəetmə hüququ olmayan şəxslər tərəfindən törədilib. Nəticədə 13 nəfər dünyasını dəyişib, 15 nəfər xəsarət alıb.
Onun sözlərinə görə, sürücülük hüququ olmadan avtomobil idarə etmək məsuliyyət yaradır.
Bəs avtomobilini avtoyuma məntəqəsinə və ya təmir üçün ustaya təhvil verib gedən sürücünün də məsuliyyəti varmı?
Araz Əsgərli deyib ki, bu hallara yol verən şəxslərin də, avtomobil sahiblərinin də qanuni məsuliyyəti var. Çünki nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən ciddi nəzarətdə saxlanılmalı məqamlar mövcuddur.
Qeyd edək ki, qanunvericiliyə görə avtomobili sürücülük hüququ olmadan idarə edən şəxs barəsində 100, nəqliyyat vasitəsini idarə etməyə verən şəxs barəsində isə 60 manat məbləğində cərimə protokolları tərtib edilir.
Bəs ustalar və ya avtoyuma məntəqələrinin işçiləri bu qaydalara ciddi əməl edirlərmi? Onlar məsələni necə tənzimləyirlər?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: