Xəzər Xəbər

12 il orduda qulluq edərək yaralanan şəxsə NİYƏ ƏLİLLİK VERİLMİR? VİDEO

Veb TV | 23:50 • 16 Noyabr 2023
12 il orduda qulluq edərək yaralanan şəxsə NİYƏ ƏLİLLİK VERİLMİR?

Vətən müharibəsində aldığı qəlpə yaraları yeriməsində çətinlik yaradıb. Aldığı müalicələr də nəticəsiz qalıb.

Xezerxeber.az xəbər verir ki, Ayəddin Abdullayev 12 il ordu sıralarında xidmət edib. Vətən müharibəsində də ən ağır döyüşlərin iştirakçısı olub. Suqovuşan uğrunda gedən döyüşlərdə də düşmən artileriyasından açılan atəş nəticəsində qəlpə yaraları alıb.

O, yaralansa da, xidmətini davam etdirib.

Lakin Ayəddin Abdullayevin ayağındakı yaralar getdikcə daha da ağırlaşıb. Xidmətə yararlı ola bilməyəcəyi nəzərə alınaraq ordu sıralarından tərxis edilib.

Ayağındakı yaraların getdikcə dərinləşməsi Ayəddinin yerimə qabiliyyətinə də təsir edib. Bundan sonra bir neçə dəfə müxtəlif yerlərdə müalicə da alıb. Amma müalicələrin heç bir xeyri omayıb.

Ayəddin Qurbanov deyir ki, problemi ilə bağlı "YAŞAT" Fonduna, əlillik təyinatı ilə bağlı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət edib. Lakin müsbət cavab almayıb.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Gədəbəy sakini olan 32 yaşlı Ayəddin Abdullayev əlilliyin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə edilib. Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib. Bu səbəbdən də diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunub.

"YAŞAT" Fondundan isə "Xəzər Xəbər"ə bildirildi ki, Ayəddin Abdullayev Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxs olmadığına görə bu fondun subyekti hesab edilmir. "YAŞAT" Fondunun subyektləri şəhid ailələrinin üzləri və ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar