Xəzər Xəbər

Azərbaycan XİN Nikol Paşinyanın iddialara münasibət bildirib FOTO/VİDEO

Veb TV | 21:30 • 11 Noyabr 2023
Azərbaycan XİN Nikol Paşinyanın iddialara münasibət bildirib

''Ermənistanın Baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir".

Bu fikirlər Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Bəyanatda Paşinyanın Qarabağda yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığı ilə bağlı iddiaları qətiyyətlə pislənib.

Mövzunu şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Nikol Paşinyanın Paris Sülh Konfransında çıxışı beynəlxalq autidoriyanı aldatmağa yönəlmiş növbəti cəhdidir. İşğal dövründə bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya heç bir fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş Ermənistanın Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur.

Bəyanatda qeyd edilib ki, suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə diqqət çəkən Paşinyan Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozduğunu unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Rəsmi İrəvan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir.

Siyasi şərhçi İlyas Hüseynov vurğulayıb ki, XİN-in bəyanatında qeyd edildiyi kimi, müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar