Xəzər Xəbər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 3 il ötür VİDEO

Veb TV | 21:28 • 10 Noyabr 2023
Ermənistanın kapitulyasiya aktına imza atmasından 3 il ötür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.

Xezerxeber.az-ın məlumatına görə, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

2020-ci il 10 noyabr tarixində Ermənistanın baş nazirinin harada imzaladığı məlum olmayan bəyanat Azərbaycanın şanlı qələbəsinin rəsmi sübutu idi.

Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarıldı.

Üç il ərzində işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparıldı. İşğal dövründə dağıdılmış şəhər və kəndlərə yeni nəfəs verilir. Keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdırlar. Qarabağa böyük qayıdış indi də davam edir.

Üçtərəfli bəyanatda Ermənistanın Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilmişdi. Lakin rəsmi İrəvan üzərinə götürdüyü öhtəliklərə əməl etmirdi. Ermənistan Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirməyə, ordumuzun mövqelərini sistemli şəkildə atəşə tutmağa, ərazilərimizi minalamağa və müxtəlif təxribatlar törətməyə davam edirdi.

Üçtərəfli bəyanatın müddəalarının tam təmin olunması, Qarabağda törədilən təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan bu il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı.

Çox yox, cəmi 1 günə düşmənin mövqeləri və döyüş vasitələri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi. BMT qətnamələrini özümüz icra etdiyimiz kimi, üçtərəfli bəyanatın müddəalarını da özümüz təmin etdik. İndi şanlı bayrağımız bütün Qarabağ ərazisində dalğalanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar