Xəzər Xəbər

"Xolostoy" ləqəbli Erməni hərbçi hər şeyi ETİRAF ETDİ VİDEO

Veb TV | 20:00 • 2 Noyabr 2023
"Xolostoy" ləqəbli Erməni hərbçi hər şeyi ETİRAF ETDİ

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımında şübhəli bilinən Madat Babayan saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilib. O, ifadəsində  1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olduğunu bildirib. "Xolostoy" ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhaliyə qarşı qırğın törədiklərini qeyd edib. 

 

Babayan qabaqcadan qurulmuş plana uyğun olaraq, hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya saldıqlarını və  avtomat silahlarından atəş açaraq qətlə yetirdiklərini də bildirib. Bundan başqa  Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədildiyini, azərbaycanlıların əmlaklarının talan edilməsindən də danışıb. O, törədilən kütləvi insan qırğını faktlarının gizlətmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında post qurduqlarını, üç gün sonra isə bu posta Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində basdırıldığını qeyd edib.

Eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda cinayət əməllərinin törədildiyi yerlər barədə məlumat verən Babayan,  Qozlukörpü məktəbində saxlanılmış, işgəncələr nəticəsində ölmüş əsirlərin meyitlərini kənddə şəxsən dəfn etdiyi yerləri də göstərib. Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar