Azərbaycanda ilk dəfə keçirilən Musiqi forumunun ikinci günündə "Milli musiqi sənayesinin inkişafı" və "Milli mədəni ənənələrin qlobal miqyasda təbliği" mövzuları ətrafında panel müzakirələr olub.
Xezerxeber.az-ın məlumatına görə, forumda Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov televiziyanın kütlənin zövqünə təsir imkanları və yaradıcılıq sənayesinin tənzimlənməsi mexanizmlərindən danışıb.
Murad Dadaşov auditoriyanın zövqünü formalaşdırmaq üçün çox səylər göstərildiyini bildirib və vurğulayıb ki, tamaşaçılar efirlərdə keyfiyyətli məhsullar görməlidirlər.
Televiziyanın gəlirlərinə də diqqət çəkən Xəzər Media Mərkəzinin Baş direktoru söyləyib ki, kanalın əsas gəliri reytinqdir.
Xalq artisti, tarzən Ramiz Quliyev musiqi sahəsindəki bir sıra problemlərə diqqət çəkib, dərs vəsaitlərinin və musiqi sahəsinə dair ədəbiyyatların azlığını əsas problemlərdən biri kimi qiymətləndirib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə isə musiqimizin zənginləşdirilməsi və bu sahədəki problemlərin həlli baxımından bu forumun vacibliyini vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən forum sabah başa çatacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: