Xəzər Xəbər

Üç şəhər və rayonun ərazisindən keçən yola sahib çıxan yoxdur FOTO/VİDEO

Dağılan yola görə məsuliyyəti öz üzərinə götürən tapılmır
Veb TV | 20:55 • 22 Oktyabr 2023
Üç şəhər və rayonun ərazisindən keçən yola sahib çıxan yoxdur

Bir şəhər və iki rayonu birləşdirən yol yararsız hala düşüb.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir, Yevlax və Goranboy rayonlarının ərazisindən keçməklə Bakı-Qazax avtomagistralına birləşən yolun Yevlax, Goranboy hissəsində çökmələr yaranıb, asfalt qat sıradan çıxıb.

Sözügedən yol həm kənd təsərrüfatı üçün əhəmiyyətli, həm də Mingəçevir şəhərinə daha yaxındır.

Sakinlər bildirir ki, yolun yararsız hala düşməsi həm vaxt itkisinə, həm də avtomobillərin tez sıradan çıxmasına səbəb olur.

Hazırda bir hissəsi yararsız vəziyyətə düşən yol Mingəçevir şəhərinin Tərəvəzçilik massivindən başlayaraq, Yevlax rayonu ərazisindən keçməklə Goranboy rayonu ərazisində Bakı-Qazax avtomagistralına birləşir.

Sakinlər bildirir ki, yolun belə vəziyyətə düşməsinə əsas səbəb Goran çayınının daşmasıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  bildirildi ki, həmin yol onların balansında deyil.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə qeyd edildi ki, yolun şəhər ərazisinə düşən hissəsində hər hansı çökmə və ya digər çətinlik olarsa dərhal Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aradan qaldırılır.

Yolun sıradan çıxmış hissəsinin keçdiyi daha iki rayon - Goranboy və Yevlax Rayon İcra hakimiyyətlərindən isə bildirildi ki, həmin yol rayonda fəaliyyət göstərən heç bir qurumun balansında deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar