Xəzər Xəbər

Cəbrayıl və Zəngilan rayonlarında görülən işlər məlum olub VİDEO

Veb TV | 21:28 • 30 Sentyabr 2023
Cəbrayıl və Zəngilan rayonlarında görülən işlər məlum olub

Media nümayəndələrinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri təşkil edilib. Onlara həyata keçirilən işlər barədə ətrafli məlumat verilib.

Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, Cərbayıl şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan inzibati bina kompleksinin tikintisi aparılır. Kompleksin həyətində sakinlərin istirahəti üçün park salınacaq.

Cəbrayıl elektrik şəbəkəsi rəqəmsal idarəetmə mərkəzi istifadəyə verilib. ''Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu  bildirib ki, Rəqəmsal İdarəetmə Mərkəzi ümumilikdə Cəbrayıl şəhərinin tələbatına uyğun olaraq fəaliyyət göstərəcək.

Daha sonra media nümayəndələri Zəngilana səfər ediblər. Onlar Alıbəyli kəndində həyata keçirilən işlərlə tanış olublar.

Media nümayəndələrinə məlumat verilib ki, Zəngilan Konqres Mərkəzi Kompleksinin 600 yerlik korpusunda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləcək. Kompleks yerli və xarici mütəxəssislər cəlb olunmaqla 6 ay ərzində inşa edilib.

Zəngilanda 4 yeni su elektrik stansiyasının tikintisi aparılır. "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, artıq "Sarıqışlaq", "Şayıflı" və "Zəngilan" SES-lərdə işlər yekunlaşmaqdadır, "Cahangirbəyli" SES-də isə işlər tamamlanıb.

"Zəngilan" Su Elektrik Stansiyasında il ərzində 130 milyon kilovat/saatdan artıq "yaşıl enerji" istehsal ediləcək. Bu da alternativ enerji mənbələrinə keçiddə çox böyük rol oynayacaq.

Rayonun Zəngilan kəndində də işlər sürətləndirilib. Kənddə 2 minə yaxın insan yaşaya biləcək. 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi planlaşdırılır.

Zəngilan şəhərində isə "taunhaus" tipli evlər olacaq. Plana əsasən, burada 87 mənzilin tikintisi nəzərdə tutulur. "Böyük Qayıdış" proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi planlaşdırılır.

Zəngilan şəhərindəki 3-cü yaşayış kompleksində binalar 192 mənzilli olacaq. Binalar 8 blokdan ibarət olacaq. 4-cü yaşayış kompleksində isə binalar 3, 4 və 5 mərtəbədən və 131 mənzildən ibarət olacaq.

Zəngilan şəhərində təməli qoyulan 160 yerlik uşaq bağçasının həyətində oyun meydançası salınacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar