Xəzər Xəbər

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub VİDEO

Veb TV | 20:21 • 30 Sentyabr 2023
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, mərasimdə  dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov  Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib ki, onun axtarışı hər zaman bizim diqqətimizdə olub. 44 günlük müharibədən sonra isə DTX və Dövlət Komitəsi tərəfindən azad olunmuş ərazilərdə axtarışlar aparılıb: "Dövlət Təhülükəsizliyi Xidmətinin Tibb İdarəsinin tərkibində laboratoriyalarda 25 şəhidin eynilləşməsini həyata keçirilib. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".

Vida mərasimində Milli Qəhrəmanın bacısı Mehriban Əhmədova deyib ki, Riad Qarabağda döyüş başlayandan evdə tapılmayıb.

“Biz hər səfər qapının zəngi çalınanda elə bilirdik odur. Lakin olmadı. Anamın gözü yolda qalaraq bu dünyadan köçdü. Ancaq Riad cismən bizimlə olmasa da, ruhən bizimlədir”, - deyə o bildirib.

Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xarici Kəşfiyyat İdarəsinin rəisi Orxan Sultanov, ictimaiyyət nümayəndələri, döyüş yoldaşı və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb. Bu il sentyabrın 18-də Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar