Lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə həlledici zərbə vuruldu. Regionda yaşamaq istəyən ermənilərə öncədən təqdim edilən seçim yenidən xatırladıldı. Bu baxımdan da Azərbaycan ərazisində dövlətçiliyimizin əsaslarını laxlatmaq üçün yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikasının" ləğv edilməsi mühüm əhəmiyyətli tarixi hadisədir.
Bu sözləri “Xəzər Xəbər”ə müsahibəsində Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.
Deputat qeyd edib ki, Azərbaycan son 3 ildə ermənilərin ən azı 100 illik cəfəng iddialarına son qoydu. Bütün dünyaya sübut etdi ki, ermənilər Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaratmaq istəyir. Ona görə də Xankəndindəki qurumun buraxılması əlamətdar hadisədir və xalqımızın uzun illər apardığı qəhrəmanlıq mübarizəsinin təntənəsidir.
Tural Gəncəliyevin sözlərinə görə, belə bir qurumun yaradılmasının 200 illik siyasi-ideoloji, 100 illik isə siyasi-hüquqi əsasları vardır. Bu əsaslar Azərbaycanı daim təzyiq altında saxlamaq, itaət etmədikdə onu cəzalandırmaq və daha da kiçiltmək üçün yaradılmış xüsusi strateji layihə əsasında formalaşdırılmışdı. O vurğulayıb ki, bu tarixi-siyasi marafon dövlətçilik tariximizə əbədi zəfər kimi yazılıb. Bu tarixi zəfərimizin hərbi-siyasi memarı isə Prezident İlham Əliyevdir. Deputat hələ 1923-cü ildə heç bir etno-mədəni və sosial-iqtisadi zərurət olmadan Azərbaycan ərazisində qondarma qurumun yaradılması xüsusi məqsədlə edildiyinə də diqqət çəkib. Bu anti-Azərbaycan layihəsinin 30 il davam etdiyini deyən deputat bu prosesdə daha 7 rayonu itirdiyimizi vurğulayıb.
Ancaq bütün bunlara baxmayaraq, sonda müstəqil dövlətimizin gücü və qüdrəti, Ali Baş Komandanımızın qətiyyəti və strateji qərarları hesabına "DQR" layihəsini birdəfəlik və həmişəlik tarixin arxivinə göndərdik. Xalqımızı və gələcək nəsillərimizi bu ağır yükdən xilas etdik.
Tural Gəncəliyev qeyd edib ki, 2020-ci il sentyabr ayının 27-də başlayan tarixi zəfərimiz 2023-cü il sentyabr ayının 20-də hər qarış ərazimizdə suverenliyimizin bərpası ilə sona çatdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: