"Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur".
Bunu “Xəzər Xəbər”ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Mətbuat katibi bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin 30 ildən artıq hərbi təcavüzünə və işğalına, Azərbaycana qarşı törədilmiş kütləvi qırğınlara və insanlığa qarşı cinayətlərə görə məsuliyyətini açıq şəkildə inkar edərək saxta rəvayətlər yaymaqda davam edir.
Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın vəziyyəti siyasi-diplomatik vasitələrlə həll etmək istəməməsi ilə bağlı əsassız bəyanatlara gəlincə, Ermənistan özü 30 illik işğal dövründə yox, həmçinin münaqişədən sonrakı dövrdə də bütün sülh səylərini heçə endirib. Nazirliyin rəsmisi əlavə edib ki, Azərbaycan Qarabağda yaşayan erməni əsilli sakinlərə Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırdır.
“Biz Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qarşısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayırıq. Lakin indi onlar üçün Azərbaycanla ərazi bütövlüyünə və suverenliyə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı”, - Ayxan Hacızadə deyib.
Xarici İşlər Nazirliyindən o da bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: