44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Xəzər TV"-də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilir.
Filmdə açıqlanır ki, qoşunların önündə də mühəndis-istehkam bölmələri hərəkət edir. Məqsəd Ermənistanın 30 il ərzində qurub-möhkəmləndirdiyi və keçilməz saydığı müdafiə xətlərini yarmaq idi. Çünki, mühəndis qoşunları hər bir ordunun ən aparıcı bölmələrindən biridir. Onlar öndə gedərək düşmənin maneələrini ləğv edir, qoşunların hərəkəti üçün əlverişli şərait yaradırlar. Döyüş əməliyyatlarında qazanılan müvəffəqiyyət bir çox hallarda mühəndis təminatı üzrə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsindən asılıdır.
Elə bu səbəbdən də Azərbaycan Ordusunun mühəndis qoşunlarına daim yüksək diqqət ayrılıb, bu bölmələr müasir texnika və cihazlarla təmin edilib, şəxsi heyət mütəmadi olaraq təlimlərə cəlb edilib. Bu səbəbdən də Ermənistan Silahlı Qüvvələrinin keçilməz hesab etdikləri gücləndirilmiş sədd 10-12 dəqiqə ərzində yarılıb.