Xəzər Xəbər

Plastik zibil qutuları yanıb, yaxınlıqdakı avtomobillərə ziyan dəyib VİDEO

Veb TV | 11:52 • 26 Sentyabr 2023
Plastik zibil qutuları yanıb, yaxınlıqdakı avtomobillərə ziyan dəyib

Paytaxtın Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində yaşayan sakinlər avtomobillərini park edərək evlərinə gedib, ancaq, səhər oyandıqda isə onları yanmış vəziyyətdə görüblər.

Xezerxeber.az xəbər verir ki, hadisəyə səbəb isə plastik zibil qablarında baş verən yanğın göstərilir. Ancaq konteynerlərin kim tərəfindən və necə yandırılması məlum deyil.

Sakinlərin sözlərinə görə, əvvəllər zibil qutuları başqa yerdə olsa da, sonradan avtomobillərin park edildiyi əraziyə yerləşdirilib.

Bəs plastik qablardan zibil daşınması üçün istifadə etmək doğrudurmu?

Çünki, çəkiliş apardığımız zaman da paytaxtın digər ərazilərində belə qutulara rast gəldik. Hansı ki, həmin zibil qabları da yaşayış binalarına və avtomobillərin dayandığı ərazilərə yaxın yerləşdirilib.

Xətai Rayonu Mənzil Kommunal təsərrüfat birliyindən deyildi ki, sözügedən ərazidə təmir işləri getdiyindən konteynerlərin yeri müvəqqəti dəyişdirilib. Sürücülərə də zibil qablarının yaxınlığında avtomobillərini park etməmək tövsiyə olunub. Lakin həmin vətəndaşlar xəbərdarlığa məhəl qoymayıblar və nəticədə bu cür hadisə baş verib. Bir sözlə, dəymiş zərərə görə mənzil kommunal təsərrüfat birliyi məsuliyyət daşımır. Həmçinin qeyd edildi ki, plastik zibil qablarından istifadə ilə bağlı hansısa məhdudiyyət yoxdur. Sadəcə onlara mütəmadi nəzarət etmək lazımdır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev isə “Xəbər Ertəsi”nə deyib ki, bəzən vətəndaşlar yandırıcı vasitələri də zibil konteynerlərinə atırlar. Bu isə yanğın hadisələrini qaçılmaz edir.

Dövlət xidmətinin rəsmisi onu da qeyd etdi ki, zibil qutularının düzgün yerləşdirilməməsi yanğın hadisələrinin qarşısının alınmasında da çətinliklər yaradır.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti