Ötən gün erməni terrorçularının basdırdığı mina partlayışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanovun nəşi Bakıda yaşadığı evə gətirilib.
Xezerxeber.az-ın məlumatına görə, şəhidlə vida mərasimində yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Xəzər Zamanov Günəşlidəki Sədərək qəbiristanlığında dəfn olunub.
Xəzər Zamanov dəfn ediləndən sonra üçrəngli Azərbaycan bayrağı əmisinə təhvil verilib.
Erməni terroru nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovla vida mərasimi isə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşadığı evdə keçirilib.
Dəfn mərasimində yaxınları, Daxili İşlər Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhum Binəqədi qəbiristanlığında torpağa tapşırılıb. Dəfndə şəhidlərin ruhuna dualar oxunub, Seymur Mahmudovun qəbrinə tər güllər düzülüb.
Xatırladaq ki, sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat - diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində dörd polis əməkdaşı həlak olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: