Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayan və vakansiya seçimi edən Goranboy sakini hələ də tam işlə təmin olunmayıb.
Xezerxeber.az-ın məlumatına görə, Gülay Əliyeva müəllimlərin işə qəbulu üzrə imtahanda 81 bal toplayıb.
O, Naftalan şəhərində 2 nömrəli tam orta məktəbdə elan olunan vakansiya üzrə müraciət edib, amma məktəbə gedəndə fərqli mənzərə ilə qarşılaşıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gülay Əliyevanı Dəliməmmədli şəhərində yerləşən orta məktəbə müddətli işə təyin edib. Gənc mütəxəssis bu təyinatın ədalətli olmadığını bildirir.
Baş verən halla bağlı vətəndaş dəfələrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etsə də, problemi həll olunmayıb. Hətta dəfələrlə idarəyə gedən müəlliməyə hadisə ilə bağlı Bakıya müraciət edildiyi və bununla bağlı yekun nəticənin olmadığı bildirilib.
Gülay Əliyevanın düşdüyü durumla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə biz də müraciət etdik. Qurumdan bildirildi ki, məsələ araşdırlır. Hətta Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə də müraciət etdik. Oradan da müraciətin araşdırılması üçün aidiyyəti şöbəyə ünvanlandığı bildirildi.
Qeyd edək ki, Gülay Əliyeva iki uşaq anasıdır, həyat yoldaşı isə Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı Kontingentinin tərkibində İraqda xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: