Birinci Qarabağ müharibəsində 3890 şəxs itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Əli Nağıyev vurğulayıb ki, Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşüb. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbçilərimizin xeyli hissəsi döyüş meydanında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər.
Əli Nağıyev bildirib ki, Prezidentin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində genetik laboratoriya yaradılıb.
Son günlər ərzində ictimaiyyətə açıqlanan 15 nəfərdən başqa, daha 1-i mülki şəxs və 9-u hərbçinin meyit qalıqları eyniləşdirilib. Əli Nağıyev onların sırasından Riad Əhmədovun qalıqlarının müəyyən olunmasını ciddi ictimai hadisə kimi dəyərləndirib.
Azərbaycanın Milli Qəhrəmanı, vaxtilə təhlükəsizlik orqanlarının əməkdaşı olmuş Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində yaralanaraq itkin düşüb.
Dövlət Komissiyasının sədri onu da qeyd edib ki, Ermənistan qeyri-konstruktiv əməllərindən əl çəkərək məzar yerləri barədə məlumatları təqdim edərsə, itkin düşmüş vətəndaşlarımızın axtarışı prosesi daha da sürətlənər.
Xarici İşlər Nazirinin müavini Fariz Rzayev itkin düşmüş şəxslərlə bağlı rəsmi Bakının təşəbüsslərinə Ermənistanın bu günədək cavab vermədiyini qeyd edib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel qeyd edib ki, “biz 30 il əvvəl baş vermiş faciələrə göz yuma bilmərik”.
Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç də itkin düşənlərin taleyinə aydınlıq gətirmək istiqamətində Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirib.
Daha sonra konfrans sözügedən sahədə əldə olunan nailiyyətlər və həllini gözləyən problemlər, itkin düşmüş şəxslərə aid meyit qalıqlarının yerinin müəyyən edilməsində müasir texnologiyaların tətbiqi mövzularında panel müzakirələr və çıxışlarla davam edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: