Heydər Əliyev Fondu tərəfindən regionlarda yeni məktəblər tikilərək istifadəyə verilib.
Xezerxeber.az-ın məlumatına görə, Yevlax, Salyan, Cəlilabad, Qax və Ucar rayonlarında yeni məktəb binaları şagird və müəllimlərin ixtiyarına verilib.
1978-ci ildə inşa olunmuş Yevlax rayonunun Xanabad kəndindəki tam orta məktəb yararsız vəziyyətdə idi. Heydər Əliyev Fondu tərəfindən 360 şagird yerlik yeni məktəb inşa edilərək istifadəyə verilib.
Üçmərtəbəli 4 korpusdan ibarət olan təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar, əyani vəsaitlərlə təchiz edilib.
1926-cı ildə Salyan rayonunun Şorsulu kəndində inşa olunmuş Namiq İbrahimov adına tam orta məktəbin də vəziyyəti ürəkaçan deyildi. Heydər Əliyev Fondu yeni məktəbin tikintisini üzərinə götürüb. Nəticədə 2023-2024-cü tədris ili üçün 300 şagird yerlik yeni məktəb inşa edilib.
Üç korpusdan ibarət təhsil müəssisəsində 13 sinif otağı, labaratoriyalar, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.
Cəlilabad rayonunun Sərhədabad kəndində 1976-cı ildə inşa olunmuş məktəbin şəraiti keyfiyyətli təhsil üçün çox əlverişsiz olduğundan, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa edilib. 360 şagird yerlik üçmərtəbəli yeni təhsil ocağı 4 korpusdan ibarətdir.
Bu təhsil müəssisəsi də zəruri mebel və avadanlıqlarla təmin edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, müasir işıqlandırma sistemləri qurulub.
Qax şəhərində Vaqif Əliyev adına 3 saylı tam orta məktəb isə 1950-ci ildə inşa olunmuşdu. Bu illər ərzində təhsil müəssisəsi yararsız vəziyyətə düşmüşdü.
Heydər Əliyev Fondunun bu ilin yanvarında yeni məktəbin tikintisi ilə bağlı apardığı işlər isə artıq yekunlaşıb. Təhsil ocağı yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib. Üçmərtəbə və 3 korpusdan ibarət olan təhsil müəssisəsi 320 şagird yerlikdir.
Ucar rayonunun Rəstəcə kəndində 1963-cü ildə inşa olunmuş təhsil müəssisəsi uzun illər ərzində yararsız vəziyyətə düşmüşdü. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində gördüyü işlər nəticəsində ikimərtəbə və üç korpusdan ibarət 180 şagird yerlik məktəb inşa olunaraq istifadəyə verilib.
Şagirdlərin yeni bilik və bacarıqlara yiyələnmələri üçün zəruri şərait yaradılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: