ABŞ Cənubi Qafqazda daimi sülhün tərəfdarı deyil. Bu ölkənin yürütdüyü xarici siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür. Azərbaycana münasibətdə də bu hal istisna deyil.
Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi.
ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ heç bir iş görmədi. Həmsədrlər turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu ölkə uzun illər keçmiş Qarabağ münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-yə səfər edərək "Qarabağa yardım" adı altında vəsait topladılar. Məhz ABŞ-də Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan - Azərbaycan münaqişəsinin həllinə ABŞ-nin münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyir ki, bu gün baş verən hadisələr də ABŞ-nin daha çox işğalçı Ermənistanın maraqlarına xidmət etdiyini göstərir.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, bu gün ABŞ-dən 30 il niyə susduqlarını soruşmaq lazımdır. ABŞ bölgədə sülhə nail olmaq üçün heç bir addım atmayıb.
ABŞ-nin bütün siyasi oyunlarının bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. ABŞ-ni nə demokratiya, nə sülh, nə də sabitlik maraqlandırır. Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib. Amma Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraqlarına uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: