Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız ölkə Konstitusiyası və qanunları təşkil edir. Xarici işlər nazirliyi Qarabağda Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin dırnaqarası "prezident seçkiləri" adı altında apardığı qanunsuz fəaliyyətinə dair bəyanatında belə deyilir.
Bildirilib ki, Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. ölkəmizin suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qeyd edib ki, Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.
Ayxan Hacızadə əlavə edib ki, Azərbaycan beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, "seçki" adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə çağırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: