Xəzər Xəbər

"Oğlunun toyuna getmişdilər, qayıdanda evlərini sökülmüş gördülər" VİDEO

Bakıda tikinti şirkəti ilə sakinlər arasında mübahisə yaşanır
Veb TV | 21:36 • 8 Sentyabr 2023
"Oğlunun toyuna getmişdilər, qayıdanda evlərini sökülmüş gördülər"

Bakının Nizami rayonunda 36 mənzilli dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin sakinlərinin evləri sökülür. Daha doğrusu, evlərin qarşısında tikilimiş qanunsuz artırmalar sökülür.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Nizami rayonu, Ordubadi küçəsi, ev 1 ünvanında yerləşən binadan gedir.

Dördmərtəbəli binanın birinci mərtəbəsinin sakinləri iddia edirlər ki, evlərinin qarşısındakı 35 illik artırmaları onlara heç bir xəbərdarlıq etmədən söküblər. Hər şey isə bu ünvandakı evlərin plana düşməsilə başlayıb.

Sakinlər iddia edirlər ki, bu ərazidə  tikinti aparacaq şirkət həmin artırmalara əlavə pul ödəmək istəmədiyinə görə belə vəziyyət yaranıb.

Şikayətçilər deyir ki, onların iştirakı olmadan məhkəmə keçirilib, evlərinin sökülməsinə qərar verilib.

Sakinlərin şikayətçi olduğu Mənzil-Tikinti Kooperativindən də mövqe öyrəndik. Bildirildi ki, birinci mərtəbədə yerləşən mənzillərin sahibləri daha çox kompensasiya istəyirlər.

Nizami Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, ötən əsrdə inşa edilmiş 36 mənzilli dördmərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olması ilə bağlı FHN tərəfindən rəy verilib. Müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binasının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə ayrılmış torpaq sahəsi "Orbita" Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilib. Lakin binanın bir neçə sakini tərəfindən qanunsuz özbaşına tikililərin əvəzinə reallığa uyğun olmayan kompensasiyanı tələb etmələri səbəbindən sözügedən qərarın icrasını həyata keçirmək mümkün olmayıb. Tikinti ilə bağlı qərarın icrasının həyata keçirilməsi məqsədilə sakinlər tərəfindən maneələrin aradan qaldırılması ilə bağlı Nizami Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilib və icraya yönəldilib. Sakinlər də qanunsuz inşa etdikləri tikililərin və zəbt etdikləri əraziləri 10 gün müddətində özləri tərəfindən sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsinə dair yazılı öhdəliklər götürüb.

Qeyd olunan müddət ərzində sakinlərin öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar Nizami Rayon Məhkəməsinin qərardadının məcburi icrası aidiyyəti qurumlar tərəfindən həyata keçirilərək qanunsuz inşa edilmiş yardımçı tikililərin və zəbt olunmuş ərazilərin təmizlənməsi planlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti