Azərbaycan bayrağını təhqir etdiyinə görə tutulan erməni əsilli 3 futbolçunun azad edilərək Ermənistana göndərilməsi videosu yayılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşaiyətilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.
Xezerxeber.az videonu təqdim edir.