"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə təxribat xarakterli açıqlamalar verib".
Bunu "Xəzər Xəbər"ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Xezerxeber.az-ın məlumatına görə, Ayxan Hacızadə bildirib ki, Ararat Mirzoyan ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, danışıqlar prosesini və əldə edilmiş razılıqları, eləcə də tarixi faktları kobudcasına təhrif edərək əsassız fikirlər səsləndirib.
Ayxan Hacızadən deyib ki, Ermənistan tərəfinin bugünədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını bir daha sübut edir.
Onun sözlərinə görə, qondarma məfhumları təkrarlayan Ermənistan xarici işlər nazirinin tarixi səhvlərdən dərs çıxarmaması ciddi təhdid və təhlükə mənbəyidir. Ararat Mirzoyanın azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Qərbi Azərbaycan İcmasının hüquqları ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqları arasında paralel yanaşma tətbiq olunmadığını iddia etməsi və bu barədə aparılmış danışıqları inkar etməsi, o cümlədən ölkəsinin sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir.
“Ermənistan xarici işlər naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək. Ermənistanın destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır”, - deyə mətbuat katibi əlavə edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: