"İnsanlar işıq saçsalar, nə olardı?" Yəqin ki, sual sizə də qəribə gəldi. Yaşından asılı olmayaraq kimə bu sualı ünvanlasan, ya gülər, ya da dərin fikrə qərq olar, deyilmi?
Xezerxeber.az-ın məlumatına görə, bu sual Azərbaycanın nüfuzlu təhsil ocaqlarından biri olan Bakı Avropa Liseyinin birinci sinifinə qəbul olmaq üçün imtahan verən 6 yaşlı Ayla Məmmədova və onun həmyaşıdlarına verilib.
Valideyn Vüsal Məmmədov iddia edir ki, övladı liseyə qəbul imtahanının ikinci mərhələsində ona verilən bu suala cavab verə biləyib. Bununla da keçid üçün nəzərdə tutulan 24 baldan, 21.5 topladığı üçün qəbuldan kənarda qalıb.
Bununla bağlı valideyn liseyin direktoru ilə görüşüb. Direktor isə şagirdin cavabının yetərli olmadığını deyib. Hazırda ailə obyektiv imtahan keçirlməsi tələbi ilə məhkəməyə müraciət etməyə hazırlaşır.
Məsələyə aydınlıq gətirən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova qeyd etdi ki, liseyə yalnız xüsusi istedada malik olan uşaqlar seçilir. Onun sözlərinə görə, liyesə qəbul olmaq istəyən birincilərin təfəkkürü öz yaşıdlarından bir-iki il irəli olmalıdır.
Zülfiyyə Veysovanın sözlərinə görə, yeni tədris ili üçün liseyə 800 şagird müraciət edib, amma onlardan yalnız 200 nəfəri seçilib. Son 3 gündə övladı qəbul olmayan 90 valideynlə görüşdüyünü deyən direktor qeyd edib ki, nəticələrlə tanış olan valideynlər onun fikri ilə razılaşdıqlarını ifadə ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: