Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 km3-dir. Bunun 3/2 hissəsi, yəni 20.0 km3 tranzit axımın payına düşür, 10.0 km3-i isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər, o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 mln.kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20-25 faizə qədərini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctima Şuranın üzvü Rövşən Abbasov “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, işğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər bu kimi böyük çayların su ehtiyatlarından məhrum olub. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmayıblar.
Rövşən Abbasovun sözlərinə görə, işğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyi üçün Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu.
Bu sular çox təmiz yealtı sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinın suvarılması üçün daha münasibdir.
Xatırladaq ki, Şuşada keçirilən Qlobal Media Forumunda dünən Prezident İlham Əliyev bildirib ki, Qarabağdakı su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: