Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.
Xezerxeber.az-ın xəbərinə görə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.
Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.
Diqqətə çatdırılıb ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.