Bakıda əksər yeni çoxmərtəbəli binalardan mənzil alan şəxslər sayğaclara görə MTK-lara pul ödəyirlər. İddialara görə, tələb edilən məbləğ fərqli olur.
Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti MTK-lara xəbərdarlıq edib.
Çünki bu kimi hallarla bağlı quruma çoxsaylı məlumatlar daxil olub.
Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi, quraşdırılması təchizatçılar tərəfindən və onların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xətaya görə hüquqi şəxslərin 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, Dövlət Xidməti tərəfindən MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə əməl edilməsi barədə bildirişlər göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: